Qeyri-ideal xoşbəxt analar

İdeal ana olmağa çalışmayın.

Hər şey elə buradan başlayır. Uşaqlara 3 yaşında yazıb oxumağı, 10-a qədər və geriyə saymağı öyrətməyə çalışmayın. Çalışmayın ki, məktəbə gedənə kimi uşaqlar 5xarici dildə fikirlərini ifadə edə bilib, dünyanın yaradılış səbəblərini araşdırmaqla məşğul olsunlar.

Əlbəttə, hər bir valideyn övladının müxtəlif sahələrdə uğurlar əldə etməyini istəyər, ancaq, bütün bunlar təbii inkişaf mərhələlərinə uyğun olaraq öz zamanında baş verəcək. Tələsməyin və uşaqlarınızı da təlaşa salmayın. Əvəzində isə, uşaq vaxtlarından onlara nizam-intizam, özlərini yaxşı aparmaq, şəxsi gigiyenalarına fikir vermək, xırda, asan, uşaqları yormayacaq və ən əsas da onlara maraqlı gələ biləcək dünya görüşü bilikləri öyrətmək daha əhəmiyyətli olar. Çünki, özünü tanıyan, özünü dərk edən, müxtəlif mədəniyyətlər haqqında bir az və ya kifayət qədər məlumatı olan uşaq daha sonra məktəb fənnlərini asanlıqla mənimsəyib, böyük həyatında da daha uğurlu olacaq.

Öz ərazimiz olmalıdır.  Həmişə uşaqlarımıza qulluq edirik və bu ömrümüz boyu davam edəcək. Ancaq, bu ömür yolunda fiziki, xüsusən də, mənəvi sağlam qalmaq üçün valideynlərin öz şəxsi ərazisi, sırf onlara aid olan şəxsi zamanları olmalıdır. Sırf sizi maraqlandıran bir işlə məşğul olun, bostan becərin, piyada gəzməyə çıxın, kitab oxuyun, teatr-kinoya gedin, nə bilim, ürəyiniz nə istəyir onu da edin. Əsas odur ki, yenilənin, özünüzü bərpa edib yenidən uşaqlarınızın yanına həvəslə qayıdın. Elə uşaqların xətrinə. Çünki, yorğun, bezmiş, həvəssiz ana övladlarına xeyirdən çox ziyan verə bilər.

Yenə də uşaqların naminə arada bir onlardan uzaqlaşmaq da lazımdır. Söhbət uzunmüddətli səfərə çıxıb, həftələrlə uşaq tək qoymaqdan getmir. Onu imkan daxilində bir neçə saatlıq nənə-babasına tapşıra bilərsiniz. Məqsəd ondan ibarətdir ki, uşağa da sərbəstlik vermək lazımdır ki, o müstəqil olmağı öyrənsin, bacardığı qədər özünə qulluq etsin, digərlərinin əməyinə dəyər verə bilmək üçün özü də cüzi zəhmətə qatlansın və nəhayət darıxsın. Eyni zamanda da siz də ondan ötrü darıxın. İnsanlar bir-birini nə qədər çox sevsələr də, daimi birlikdə nəfəs almaq hamını yora bilər.

İşləyirsinizsə, və ya başınız məişət işlərinə qarışıb deyə bütün gününüzü uşağa həsr edə bilmədiyinizə görə günah hissi keçirməyin. Bu düzgün deyil. Uşaq üçün onun yanında neçə saat olmağınız deyil, həmin müddət ərzində sırf onun yanında, sırf onun həyatında iştirakınız vacibdir. Saatlarla eyni məkanda olub ancaq, uşağa diqqət yetirməyə bilərsiniz. Amma, ikicə saat uşaqla oyunlar oynayıb, söhbətlər edib, kitab oxusanız bu daha əhəmiyyətli olacaq.

 

Bir də uşağa səbr etməyi öyrədin. Səbr anadangəlmə xarakter deyil, onu sonradan da qazanmaq olar. Digər vərdişlər kimi, onu da özümüzdə tərbiyə edə bilərik.

Son zamanlar kiçik uşaqların dərnəklərə getməyi kütləvi dəb halına gəlib. Ancaq, xahiş edirəm, analar, hər birimizin öz canı, öz nəfəsi, öz həyatı olduğu kimi, öz fikrinin də olmağı labüddür. Kütlənin ardınca gedib öz uşaqlarınızın bacarıq və maraqlarını gözardına vurmayın. Fərdiyyəti nəzərə alaraq hərəkət edin. Təkcə uşağı deyil, öz işlərinizi və sağlamlığınızı da fikirləşin. Normadan artıq fiziki və psixoloji gərginlik nə uşağa, nə də böyüyə fayda verməz. Əlbəttə, maraq dairəsinə uyğun dərnəklərə getməyində heç bir pis şey yoxdur, ancaq, uşağın sadə uşaq oyunları oynamaq, oyuncaqlarla və digər uşaqlarla vaxt keçirmək ehtiyacı da ödənilməlidir.

Yaddan çıxarmayın ki, ailə həyatında vacib məqamlardan biri də valideynlər arasındakı münasibətlərdir. Uşaqlar imkan daxilində öz otaqlarında yatmalı, çox vacib səbəb olmadan valideyn otağına girməməlidir.

Kişilərdən ev işlərində və uşağa qulluq məsələlərində çox şey tələb etməyin. Onlar təbiətən buna uyğun deyillər. Hətta istəsələr belə, bəzi işlərin qadınlar kimi öhdəsindən gələ bilmirlər və nəticədə yenə də qadın işə əl atmalı olur. Belə olan halda razılaşmaq lazımdır ki, başqasının yarımçıq işini tamamlamaqdansa, yaxşısı budur, məsələni özün həll edəsən. Kişilərdən xahiş etmək olar ki, çox dağınıqlıq yaratmasınlar və ən azından götürdüklərini yerinə qoysunlar. Bunun özü artıq böyük köməkdir. Bir də həftədə bir dəfə sizi çiçəklər və sadə gəzintiylə sevindirsinlər. Beləcə ailə daxilində münaqişəsiz münasibət olduqda qadın üçün ev işlərini bir az daha çox görmək heç də çətin olmayacaq.

Dəfələrdə səslənsə də bu fikirdə həqiqət böyükdür: Xoşbəxt ana, xoşbəxt qadın xoşbəxt ailənin əsasını təşkil edir. Və təbii ki, ideal yox, məhz xoşbəxt ana xoşbəxt uşaqlar böyüdüb cəmiyyətə sevməyi bacaran, fədakar, qayğıkeş, öz fikri olan, inkişaf etməyin yollarını bilən övladlar yetişdirə bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *