Azərbaycan mətbəxində xüsusi yer tutur dovğa. O, elə bir yeməkdir ki, əhvalın pis olanda da ürəyin istəyə bilər, yaxşı olanda da. Unikallığından biri də odur ki, istəyəndə boşqabda qaşıqlayıb yeyə, və ya stəkanda içə bilərsən.
Dovğanın tərkibində:
1 balon qatıq,
Dağ keşnişi -2 dəstə,
Nanə -2 dəstə,
İspanaq – 2 dəstə,
Keşniş -1 dəstə,
Şüyüt – 1dəstə,
Kəvər – 1 dəstə,
Pərpətöyün,
Yumru düyü – 1 armudu stəkan,
Yumurta – 1 ədəd.
Nanə qurusu.
Qatığı oxlovla qarışdırıb, duru hala gətiririk. Qazana töküb yumurtanı içinə qırıb yaxsıca qarışdırırıq. Üzərinə tər-təmiz yuduğumuz göyərtiləri xırda-xırda doğrayıb əlavə edirik. İstifadə etdiyimiz qatığın miqdarının təqribən yarısı qədər su da tökürük. Qazın üzərinə qoyub oxlovla dayanmadan qarışdıraraq bişiririk. Düyünü həm çiy- çiy, ərzaqların hamısı ilə birlikdə, və ya əvvəlcədən bişirib, qatıqlı qarışıq istilənəndən sonra qazana əlavə edə bilərik. Mən dovğaya mövsümündə yaşıl sarımsaq, digər vaxtlarda isə baş sarımsaq da əlavə edirəm. Özünəməxsus gözəl dad verir. Əgər dovğanın turş alınmasını istəyirsinizsə, turşəng göyərtisi də istifadə edə bilərsiniz.
Dovğanın duzu qaynayanda tökülür, qaynara düşəndən sonra 3-5 dəqiqə də qarışdırıb, xörəyi ocaqdan götürə bilərsiniz.
Göyərtilərin içində təzə nanə olsa da, mən nanə qurusu da tökürəm, xırda – xırda nöqtələr yeməyə gözəl görünüş qatır.
Əgər sadalanan göyərtilərin hamısını əldə edə bilmirsinizsə, qəti narahat olmayın. Zənnimcə dovğanın ən əsas dad verəni nanədir.
İstəsəniz, bişmiş noxud da tökə bilərsiniz. Amma, noxudsuz daha yüngül olur.
Soyuq halda dovğa bir başqa möhtəşəm olur. Bişirib təqdim etdiyiniz hər yemək üçün ürəkdən gələn “Əllərinizə sağlıq” eşidəsiniz. Nuş olsun!