Sara Bridlav 1867-ci ildə ABŞ-ın cənubunda Luiziana ştatında anadan olub. Valideynləri və böyük bacı qardaşları qul idilər. Pambıq plantasiyasında işləyirdilər. Sara isə azad doğulmuşdu. Yeddi yaşı olanda valideynlərini itirir. Onların ölümündən sonra Sara bacısı Luveniya və həyat yoldaşı Villi Pauelin evinə köçür. Uşaq yaşlarından qulluqçu işləyən balaca Saranın məktəbə getməyə imkanı olmur. 14 yaşı olanda o, Mozes Makvilyamsla ailə həyatı qurur. Bu qədər tez ailə qurmağının səbəbi bacısının zülmkar ərindən canını qurtarmaq idi. 4il sonra onların qızları dünyaya gəlir. 2 il sonra isə Mozes vəfat edir. Beləcə, Sara 20 yaşında qucağında körpə uşaqla dul qalır.
1888-ci ildə Sent-Lyuisdə yaşayan qardaşlarının yanına köçür. Qızının təhsil haqqını ödəmək üçün həm çamaşırxanada, həm də aşpaz işləyirdi. Günə 1,5 dollar qazanırdı. Çamaşırxana işçilərinin əksəriyyəti kimi, Sara da kimyəvi maddələrin təsirindən dəri xəstəlikləri, kəpəkdən əziyyət çəkirdi. Antisanitar vəziyyət qadının keçəlləşməsinə gətirib çıxardı. Saç ustası işləyən qardaşlarından saça qulluq barədə xeyli şeylər öyrənmişdi. Daha sonralar Enni Melounun özü və yaratdığı saça qulluq vasitələri ilə tanış olur. Firmanın satış agenti kimi fəaliyyətə başlayır.
37 yaşı olanda qızı ilə birlikdə Denverə köçür. Meloun mallarını satmaqla yanaşı öz şəxsi biznesini də qurmağı planlaşdırır. Beləliklə, Sara uğurla nəticələnən çoxsaylı eksperimentlər nəticəsində afroamerikalılar üçün məhsulların istehsalına başlayır. 1906-cı ildə o, Çarlz Cozef (Si Cey) Uokerlə ailə qurur və onun adı ilə məşhurlaşır. Si Cey reklam işi ilə məşğul olurdu, düzgün istiqamətdə inkişaf etməsi üçün Saraya dəyərli məsləhətlər verirdi. Sara bütün şəhər boyu gəzib məhsullarını satır, afroamerikalı qadınlara saçlarına qulluq göstərməyin yollarını öyrədirdi.
2 il sonra onlar Pitsburqa köçərək gözəllik salonu və bu peşə ilə bağlı mütəxəssislər yetişdirən məktəb açırlar.
1910-cu ildə, Sara Madam C.J.Walker Manufacturing Company şirkətinin qərargahını təsis etmək üçün İndianapolisə gedir. Laboratoriyası olan fabrik tikdirir, saç salonu və gözəllik məktəbi açır və orada satış agentləri yetişdirir. 1917-ci ildə artıq 20min qadını iş və məvaciblə təmin edir. Onlar gündə 5 -15 dollar arası maaş alırdılar. Sara afroamerikalı qadınların maliyyə azadlığının olmasına can atırdı.
Varlandıqca xeyriyyəyə və siyasi məsələlərə daha çox vaxt ayırırdı. Mühazirələr oxuyur, sosial bərabərsizliklə mübarizə aparır, tələbə fondlarına pul bağışlayırdı. Ölümündən qabaq uşaq evləri və müxtəlif sosial qurumlara 100minə yaxın pul vəsaiti vəsiyyət etmişdi. Eləcə də, gələcək gəlirlərinin üçdə ikisi xeyriyyəyə xərclənəcəydi.
Sara Uoker 51 yaşında vəfat edib. O, ən varlı afroamerikalı qadın hesab olunurdu. Gəliri 500min -1 milyon dollar arasında dəyərləndirilirdi. Nekroloqunda deyilirdi ki, hələ ölümündən 2 il əvvəl Sara milyoner deyildi, ancaq, ümid edirdi ki, tezliklə milyoner olacaq. O, pulları xeyriyyəyə xərcləmək istəyirdi.
Xanım Sara Uoker çətin həyat şəraitində təkcə özünün deyil, on minlərlə insanın həyatını kasıblıqdan, cahillikdən, çətinlikdən qurtararaq əsl güclü və iradəli qadın nümunəsidir.
Zəhmətkeşliyi və inadkarlığı sayəsində öz gücünə milyon qazanan ilk qadın kimi Ginnesin Rekordlar kitabına daxil olmuşdur.
Həyat hekayəsindən ilhamlanaraq Sara Cey Uoker haqqqında film də çəkilib.