Soyuq havada “Bu gün nə bişirim?” dərdi az olur. Çünki, ilk ağıla və iştaha gələn xəmir xörəkləri olur. Bircə qalır ərinməyib xəmir yoğurmaq və bişirmək. Əvvəldən hazırladığınız ehtiyat varsa, onda işiniz daha da asan olacaq.
Bu gün əriştə yeməyindən danışacam.
Ən sadə və ona görə də sevdiyim xəmirlərdən biri (tərkibinə minimal ərzaq getsə də, çox sayda xörəyin, çorəyin əsasını təşkil edir). Un, su və duz. Cəmi bu üçü ilə gözəl bir xəmir yoğururuq. Nə çox bərk, nə də çox yumşaq. Artıq bu xörəyi bişirmisiniz və ya digər reseptlərlə tanış olmusunuzsa, xəmirdə yumurtanın çatmadığını deyə bilərsiniz, lakin, mən şəxsən özüm bişirdiyim resepti sizinlə bölüşürəm. Yəni belə də alınır.
Xəmiri yoğurub kündələrə ayırdıqdan sonra bir az dincəldirik. Sonra kündədən yuxa yayıb bol unla qat-qat qoyub əriştələri kəsirik. Onları sərib deyirik ki, siz burada durun mən gedim soğanı qovurmağa.
Beləcə başlayırıq şorbamızı bişirməyə. Bir baş soğanı soyub yuyub xırda-xırda doğrayırıq. Qovururuq. Qovrulduğu zaman darıxmasın deyə yanına blenderdən keçirilmiş qırmızı bibər, və ya azca tomat pastası da tökürük.
Duz, istiot, sarıkökünü də əlavə etməyi unutmuruq. bunlar hamısı birlikdə qovrulub dadlandığı zaman suyunu əlavə edib qaynamağını gözləyirik, qaynayan kimi yeni kəsdiyimiz əriştələri tökürük. Qazana düşən kimi qaynayan suyu daha da coşdurur bu əriştələr və biz bu səhnəni görəndə sevinirik. Əvvəlcədən qaynadılmış xırda lobyalar və zoğal və ya alça turşusu (zövqə görə başqası da olar, evdə nə varsa) da qatıb xörəyin bişməyini gözləyirik.
Hazır olanda üzərinə nanə qurusu töküb süfrəyə verilməyə hazır hala gətiririk. Sonra ev əhlini səsləyib soyuq havada dadlı xörəkdən yeyib qızınmağa dəvət edirik. Bu cür xörəkləri yeməzdən əvvəl təqribən 5 dəqiqə şaxtalı havada durmağınız məsləhətdi. Onda xörək, xüsusilə, ləzzət edəcək. Nuş olsun!