Mal ətindən souz yeməyi

Bəh-bəh deyib yeyəcəyiniz ləzzətli xörəklərdən biri.

Mal ətini əvvəlcədən yumşaq hala gələnədək qaynadırıq. Ət qaynamağında olsun, biz başlayaq digər ərzaqları bişirməyə. Soğansız yemək olmaz. Ona görə də gedirik bazara soğan almağa. Evdə varsa, lap əla. Əslində yemək bişirməyin ən gözəl səbəblərindən biri istifadə edəcəyimiz ərzaqların əl altında olmasıdır. Onda yemək bişirmək əsl həzzə çevrilir. Soğanın qabığını soyub yuyuruq, xırda-xırda doğrayıb yağ əlavə olunub isidilmiş tavada qovurmağa başlayırıq. Bu prosesə etin qaynamağa az qalmış olduğu vaxtda başlayırıq. Qazanın ağzını təqribən 50  dəfə açıb-bağlayandan (yoxlamaq üçün ki ət bişib yoxsa yox) sonra bişir. Soğanlar qovrulmağa yaxın bişmiş ətləri üzərinə töküb birlikdə yenə qovururuq. İkisinin də dadı bir-birinə çökəndən sonra zövqə uyğun duz, istiot, sarıkök, yaşıl bibər, qırmızı bibər töküb yenə də hamısını birlikdə qovururuq. Birdən yadımıza düşür ki, souzumuza kartof da əlavə etmək lazımdır və tez qaçırıq bazara. Zarafat edirəm, kartofu bayaq almışdıq. Qazandakıların yaxşıca qovurlduğu anda kartofları ətin ölçüsünə uyğun bəzəkli bıçaqla doğrayıb yeməyimizə əlavə edirik. Əgər sizdə bəzəkli bıçaq yoxdursa, bunun üçün bir də tələsik dükana getməyin. Eybi yox, adi bıçaqla da kəssəniz onlar bişəcək və dadlı olacaqlar. Üzərinə tomat və ya pomidor, və ya hər ikisini tökək. Sonda ətin bulyonundan, yəni əti içində bişirdiyimiz sudan ərzaqların üzərinə çıxacaq qədər qazanımıza əlavə edib vam odda souzumuzu bişirməyə davam edirik. Arada bir qapağı açıb kartofların bişməyini yoxlayırıq. Çünki onlar bişəndə artıq yeməyimiz hazır olacaq. Yemək də qaynadıqca suyu bir az azalıb yağa düşdümü xörəyimizin ləzzətindən doymaq olmayacaq. Süfrəyə gətirilinə yeməyin üstünə göyərti səpirik, gözlərimiz artıq bu gözəllikdən sevinir.

Buyurun, sizinlə bu bişirmə qaydasını məmnuniyyətlə bölüşdüm. Nuş olsun!

Əgər, sizin ürəyiniz istəsə noxudla da yeyə bilərsiz.

Bir də istər mal əti, istər qoyun, istərsə də toyuq ətindən bişirdiyimiz souz yeməyinin yanında ən dadlı baş soğan yeyilir. İstəsəniz jülyen formada doğranmış soğanın üzərinə nar da sıxmaq olar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *