Özünü sevməyən insan olmaz..

Adətən özünü dəyərsiz hiss edən, özlərinə güvənməyən qadınlar daha çox depressiyaya düşürlər. Ən pisi də odur ki, bunun üçün həmişə müxtəlif səbəblər tapırlar. Gah kimsə başqası günahkar olur, gah vəziyyət belə gətirir, gah şərait olmur, gah da bilmirəm nə. Ancaq, bu haldan narahat olan, iradəsi güclü olan qadınlar bu vəziyyətdən çıxmaq üçün özlərində güc tapırlar. Bunun üçün mütəxəssislər bir neçə sadə məsləhət verirlər.

Öz güvəninizi azaldan, daim sizi tənqid edən, əməllərinizi, düşüncələrinizi bəyənməyən insanlarla ünsiyyəti kəsin. Bunun sizə heç bir faydası olmayacaq. O “xeyirxah dost” bu minvalla özünü dağların başına qaldırıb, sizi isə kompleksə salacaq. Arxanıza baxmadan qaçıb uzaqlaşın o adamdan. Əksinə, özünüzü yanında arxayın, rahat hiss etdiyiniz, sizin xırda belə olsa, yaxşı hərəkətlərinizə, uğurlarınıza sevinən, sizi tərifləmək üçün bəhanə axtaran insanlarla həmsöhbət olun. Deyingənlərdən də nə qədər uzaq dursanız bir o qədər yaxşı olacaq, o adamlar sizin enerjinizi vampir kimi sormaqla kifayətlənməyib, hətta bu xoşagəlməz xasiyyətlərini sizə də yoluxudura bilərlər.

Özünüzü sevin. Xoşbəxt və rahat həyat özünə sevgidən başlayır.

Mütəxəssislər deyirlər ki, özünüzü başqaları ilə müqayisə etməyin. Və diqqəti çatışmayan cəhətlərinizə deyil,əksinə, nailiyyətlərinizə, bacarıqlarınıza yönəldin. Hansı iş əlinizdən yaxşı gəlirsə, onunla da məşğul olun, və əldə etdiyinizi uğuru yaxınlarınız, qonum-qonşu və hətta bütün dünya ilə paylaşın. Zəmanəmizdə bunun üçün çoxlu sayda vasitələr var.

Bir qadın görülməyini, sevilməyini, dəyər verilməyini istəyirsə, bütün bunların hamısını onun üçün ilk növbədə özü etməlidir.

Mütləq beyninizdə müsbət ssenarilər qurun. Gözlərinizi yumun, özünüzü boş saxlayın və çox rahat, huzurlu bir məkanda təsəvvür edin. Bu hissə o qədər dərindən qapılın ki, həmin məkandakı havanı, oradan gələn xoş ətri duyun. İnandığınız bir insanın sizə xoş sözlər, komplimentlər dediyini, hətta hədiyyələr verdiyini fikrinizdə canlandırın. Eşitmək istədiyiniz, ürəyinizdən keçən bütün gözəl sözləri özünüzə dedirdin.

 

Yazıçı Remark belə bir fikir bildirmişdi: – “Özünə qənaət edən qadın kişidə yalnız bir hiss yarada bilər- həmin qadına qənaət etmək”. Odur ki, xarici görünüşünüzə, gözəlliyinizə və ən əsas sağlamlığınıza mümkün qədər qənaət etməyin. Unutmayın ki, sizə ilham verən ilk insan elə Siz Özünüzsünüz. Real güzgüdə də, mənəvi güzgüdə də özünüzü görməyi bacarın, çox yaxşı və az yaxşı xasiyyətlərinizlə birgə özünüzü çox sevin. Yalnız sevgi və yaxşılıqlardan  ibarət olun ki, ətrafa verə biləcəyiniz ancaq sevgi və yaxşılıq olsun.

Siz və dünya buna layiqsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *