Bəlkə, ilk eşitdiyiniz an ” Nə?, Köklü?” deyə təəccüblə soruşacağınız, ancaq, bir dəfə yedikdən sonra ömürlük vurulacağınız möhtəşəm dadlardan biri. Əminəm, soyuducudan kökü əskik etməyəcəksiniz ki, hər fürsətdə bu asan hazırlanan piroqu tez- tez süfrənizdə görəsiniz. Deməli belə, lazım olan ərzaqların siyahısını verirəm:
şəkər tozu -1 stəkan,
yumurta -3 ədəd,
2 -3 ədəd iri kök, kökün sayını və ölçüsünü ağız dadınıza uyğun az və ya çox götürə bilərsiniz. Amma, piroqa xüsüsi dad və gözəl görünüş verdiyindən əmin ola bilərsiniz.
un – 2stəkan,
qabartma tozu – 1 paket,
vanil- 1 paket
kərə yağı – 80-100qram.
Başlayaq hazırlamağa. İlk olaraq, adəti üzrə, yumurta və şəkər tozunu yaxşıca qarışdırıb, üzərinə soyulub yuyulmuş kökləri rəndələyib tökürük. Daha sonra ələnmiş unu və digər quru ərzaqları yavaş-yavaş töküb qarışdırırıq. Unla qabartma tozunu ayrıca qarışdırıb tökəndə xəmir daha yaxşı qabarır. Quru qarışığa zövqə görə zəncəfil tozu və qoz ləpəsi də tökmək olar. Sonra otaq temperaturunda yumşalmış kərə yağını əlavə edib xəmiri tamamlayırıq. Dibi yağlanmış soba və ya digər bişirmə qabına töküb əvvəlcədən 180 dərəcədə isidilmiş sobada bişiririk. Piroqun bişmə göstəricilərindən biri, taxta çöplə yoxladığımız zaman çöpə yapışmamasıdır.
Ənənəvi tortları sevməyənlər üçün, köklü piroqun arasına və üzərinə sevdiyiniz krem çəkib tort kimi də süfrəyə verə bilərsiniz.