İşıq, kölgə və rəng.. Oskar Klod Mone yaradıcılığını bu üç məhfum olmadan təsəvvür etmək mümkün deyil. İş orasındadır ki, Mone eyni rəsmi dəfələrlə çəkir, ilin və günün müxtəlif vaxtlarında işığın necə fərqli effekt yaratdığını göstərməyi çox sevirdi.
Atasının sözünə baxsaydı, dünya impressionizmin banilərindən birini tanımayacaqdı. Çünki, Monenin atası oğlunun rəssam olmasını deyil, ailə biznesini davam etdirməyini istəyirdi. Bu, atasının Klodla fərqli fikirdə olduğu yeganə an deyildi. 1867-ci ildə ilk övladı Jan dünayaya gəldiyi vaxtda rəssamın maliyyə vəziyyəti heç də ürəkaçan deyildi, ancaq, nəvəsinin anası Kamilla ilə rəsmi nikahda olmadığı üçün atası yenə Klodu dəstəksiz qoyur. Əlcəzairə əsgərliyə çağırılır. Atasının imkanı olduğu halda onun Fransada qalması üçün yenə barmağını tərpətmir. Əsgərlikdə olduğu zaman Klod xəstələnir, xalasının köməyi ilə Fransaya qayıdır. Rəssam etiraf edir ki, Əlcəzair ona işıq və rəng anlamlarına fərqli baxış bəxş edən az saylı məkanlardan biri idi.
Qayıtdıqdan sonra təhsilinə davam edir və məhz həmin vaxt yaxın dostları Frederik Bazil, Alfred Sisley, Pyer Oqüst Renuarla tanış olur. Hər birinin yaradıcılığını açıq havada peyzaj rəsmləri təşkil edirdi.
İncəsənətin gedişatını dəyişən əksər insanlar yaradıcılığının əvvəlində qəbul olunmur. Mone də istisna olmadı. Oğlunun doğumu da ona xoşbəxtliklə yanaşı yeni çətinliklər gətirdi. Artan borclardan cana doyan Mone özünü Sena çayına atır, ancaq tam boğulmamış fikrini dəyişir və sahilə tərəf üzür. Daha sonralar intihar etmək istədiyini bir dostu ilə söhbətdə bölüşür.
Yaşıl çətirli qadın.
Dostlar ənənəvi rəssamlıqdan boyun qaçırıb yeni növdə yaratdıqları rəsm əsərlərini Salona təqdim edirlər, ancaq imtina ilə qarşılaşırlar. Lakin, ruhdan düşmürlər. Və 1873-cü ildə Rəssam və Heykəltaraşların Anonim Cəmiyyətini yaradırlar. Bir il sonra 30 rəssamın əsərlərindən ibarət ilk müstəqil sərgilərini keçirirlər. Məhz bu sərgidən sonra “impressionizm” termini yaranır.
Monenin bağları.
İlin yeddi ayı açıq olan və ildə yarım milyona qədər turist qəbul edən Monenin bağı Parisin 80 kilometr şimalda yerləşən Jiverni şəhərindədir.
1883-cü ildə Jiverni şəhərinə köçəndən ömrünün sonuna qədər bağ salıb müxtəlif bitkilər yetişdirməklə məşğul olub. Bağında bitkilər arasında su zanbağının müxtəlif növləri xüsusi yer tuturdu. Mone yaradıcılığında silsilə əsərlər önəmli yer tutur. Su zanbağı təsvir olunmuş yağlı boya ilə çəkilmiş 250 -yə yaxın rəsmdən ibarət silsilə çəkib.
Monenin silsilə təşkil edən digər əsəri də “Ruan kilsəsi”-dir. Vestminster Abbatı, günün müxtəlif saatlarında.
Mone işıq, kölgə və rənglərə hədsiz dərəcədə aludə idi. Hətta həyat yoldaşı Kamilla vəfat etdiyi anda belə özünü saxlaya bilməyib üzündəki işığı və rəngləri incələyirdi. İllər sonra o bunu dostu Jorj Klemansa etiraf etmişdi. “Kamilla, ölüm yatağında” rəsmi heç vaxt satılmayıb və sərgilənməyib. Monenin ən möhtəşəm və mürəkkəb əsəridir.
60 yaşı olanda Monenin gözləri zəifləyir. Həkim katarakta diaqnozu qoyur və əməliyyat təyin edir, lakin Mone əməliyyatın uğursuz nəticələnəciyindən ehtiyat edərək ondan imtina edir və deyir: “Mən pis görməyə də razıyam, lazım olsa, rəsm çəkmərəm, amma sevdiyim şeyləri zəif də görmək məni qane edir. ”
Mütəxəssislər Monenin səhhətindəki bu dəyişikliyin rəsmlərinə təsir etdiyini vurğulayır. Rəsmləri daha tutqun olub, üslubu dəyişirdi. Tanıya bilsin deyə boya qablarının üzərinə rənglərin adını yazırdı. 1914-cü ildən sonra çəkilmiş rəsmlərində abstrakt üslub sezilirdi. 1923-cü ildə Mone əməliyyata razılaşır və o uğurlu alınır. Görməsi bərpa olunandan sonra rəssam çəkdiyi rəsmlərə yenidən baxıb dəyişikliklər edib, bəzilərini isə tamamilə məhv edirdi.
Uzaqgörən insan olaraq, Klod Mone bizi də düşünüb və “Günəbaxanlar” silsilə rəsmlərini də çəkib.
Jan və Mişel adlı iki oğlu var idi. Kamillanın vəfatından sonra ev işləri və uşaqlara baxmaqda ona kömək edən Alisa Oşed ilə evlənir.
Oskar Klod Mone 1926-cı ildə ömrünün 43 ilini keçirdiyi Jiverni kəndindəki evində dünyasını dəyişir.